
Misir millisinin hücumçusu Mustafa Ziko 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Argentina yığmasına məğlubiyyətdən sonra matçın baş hakimi Fransua Leteksyenin idarəçiliyini kəskin tənqid edib.
Mustafa Ziko qarşılaşmanın 58-ci dəqiqəsində rəqib qapısına yol tapsa da, VAR-a baxıldıqdan sonra qol qeydə alınmayıb. Hakim qərarını qol epizodundan əvvəl misirli futbolçu Marvan Attianın argentinalı müdafiəçi Lisandro Martinesə qarşı qayda pozuntusu etməsi ilə əsaslandırıb.
Matçdan sonra açıqlama verən Ziko hakimin qərəzli qərarlar verdiyini iddia edib.
"Baş hakim ilk dəqiqədən bizim uduzmağımız üçün meydana çıxmışdı. Biz Misir xalqını sevindirmək istəyirdik, amma sonda Argentinanı təbrik etmək məcburiyyətində qaldıq. Məncə, bu turnir əvvəlcədən ssenariləşdirilib. Hakim bütöv bir xalqın arzusunu məhv etdi və bizi qurban verdi", – deyə futbolçu bildirib.
Qeyd edək ki, Argentina millisi Misir üzərində qələbə qazanaraq dünya çempionatının 1/4 final mərhələsinə yüksəlib.





