
"Sea Breeze" kurort şəhərciyində yay mövsümü ərzində demək olar ki, hər gün idman, musiqi və beynəlxalq səviyyəli müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.
Qanuntv.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında "Agalarov Development" şirkətinin prezidenti və "Sea Breeze" kurort şəhərciyinin təsisçisi Emin Ağalarov məlumat verib.
Onun sözlərinə görə, "Sea Breeze"in inkişaf konsepsiyası yalnız "Dream Fest" festivalı ilə məhdudlaşmır. Məqsəd yay mövsümü boyunca ziyarətçilərə hər gün fərqli tədbirlər təqdim etməkdir.
"Ümumiyyətlə, ideya yayın hər günündə burada hər hansı bir tədbirin keçirilməsini təmin etməkdən ibarətdir. Həm də təkcə "Dream Fest" deyil, aparıcı sənətçilərin solo konsertləri də təşkil olunacaq. Planımız yayın hər günündə bir tədbir keçirməkdir", – deyə Emin Ağalarov bildirib.
O qeyd edib ki, layihənin əsas istiqamətlərindən biri də idman infrastrukturunun inkişafıdır. Bu çərçivədə padel, tennis, futbol, voleybol və atçılıq idman növləri üzrə beynəlxalq yarışların təşkili planlaşdırılır.
Emin Ağalarovun sözlərinə görə, artıq bu ilin payızında birbaşa çimərlikdə polo üzrə ilk beynəlxalq turnir keçiriləcək. Bundan əlavə, "Sea Breeze"də tennis üzrə Devis Kuboku oyunlarının təşkili istiqamətində də danışıqlar aparılır.
Bu məqsədlə kurort ərazisində beynəlxalq standartlara cavab verən tribunalar, eləcə də 5 min tamaşaçı tutumuna malik futbol stadionunun tikintisi davam etdirilir.
Padel idman növünün inkişafına da toxunan Emin Ağalarov bildirib ki, bu oyun dünyada ən sürətlə populyarlaşan idman növlərindən biridir.
"Dörd il əvvəl Azərbaycanda ilk padel kortu tikilmişdi. Hazırda ölkədə artıq 12-14 belə meydança fəaliyyət göstərir. Yaxın vaxtlarda səkkiz kortdan ibarət qapalı Padel Mərkəzi və əlavə açıq kompleks də istifadəyə veriləcək", – deyə o bildirib.
Onun sözlərinə görə, padel həm gənclər, həm də böyüklər arasında maraq doğurur və böyük tennislə müqayisədə daha qısa müddətdə öyrənilə bilir.
Sonda Emin Ağalarov vurğulayıb ki, idman infrastrukturunun inkişafı və beynəlxalq yarışların təşkili gələcəkdə də "Sea Breeze" layihəsinin əsas prioritetlərindən biri olacaq.
"Mənimlə və ya mənsiz, idman həmişə "Sea Breeze"in ayrılmaz hissəsi olacaq", – deyə o əlavə edib.





