
Almaniyanın Federal Kansleri Fridrix Merts Azərbaycanı Avropa üçün strateji əhəmiyyət daşıyan etibarlı tərəfdaş kimi dəyərləndirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən birgə mətbuat konfransında çıxışı zamanı bildirib ki, Azərbaycan Almaniya üçün həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.
"Azərbaycan bizim üçün mühüm rol oynayır və iqtisadi baxımdan da çox maraqlı perspektivlər təqdim edir", – deyə Fridrix Merts vurğulayıb.
Kansler Prezident İlham Əliyevə göstərilən əməkdaşlığa görə təşəkkür edərək qeyd edib ki, tərəflər enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparıblar.
"Prezident İlham Əliyevə bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz bu məsələ ilə bağlı fikir mübadiləsi apara bildik. Siz Azərbaycandan daha böyük həcmdə qaz tədarükü üçün bizə imkan yaradırsınız. Buna görə Sizə təşəkkürümü bildirirəm. Bu məsələ bu gün imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapıb", – deyə Almaniya hökumətinin başçısı bildirib.
Fridrix Mertsin sözlərinə görə, Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, iki ölkə arasında imzalanan Birgə Bəyannamə siyasi və iqtisadi münasibətlərin inkişafına, eləcə də enerji sahəsində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə yeni imkanlar yaradacaq.





