
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri və səfər çərçivəsində imzalanan "İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Qanuntv.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Oxu.Az-a açıqlamasında səsləndirib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Berlin səfəri, imzalanmış strateji sənəd və liderlərin verdiyi bəyanatlar Cənubi Qafqazın geosiyasi mənzərəsində, eləcə də Bakı-Berlin-Avropa İttifaqı xəttində keyfiyyətcə yeni siyasi və hüquqi mərhələnin formalaşdığını nümayiş etdirir.
Onun sözlərinə görə, bu dəyişikliklərin əsasında Azərbaycanın son illərdə artan siyasi çəkisi, möhkəmlənən suveren mövqeyi və Prezident İlham Əliyevin postmünaqişə dövrünə dair həyata keçirdiyi praqmatik xarici siyasət dayanır.
Bəhruz Məhərrəmov qeyd edib ki, 21 iyul 2026-cı il tarixli Berlin Bəyannaməsi hüquqi baxımdan tərəflərin milli suverenliyini qoruyan mühüm siyasi sənəddir. Sənəddə BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və Avropa Konvensiyasına istinad olunması Almaniyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə beynəlxalq hüquq çərçivəsində verdiyi dəstəyin növbəti təsdiqi kimi qiymətləndirilir.
Deputat vurğulayıb ki, sənəddə Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair əldə olunan razılaşmalara, o cümlədən Vaşinqton görüşünə və sülh sazişinin paraflanmasına istinad edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi sülh siyasətinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir.
Millət vəkilinin sözlərinə görə, Berlinin nümayiş etdirdiyi konstruktiv mövqe Azərbaycanın Cənubi Qafqazda regional təhlükəsizlik və sabitliyin təmin olunmasında əsas aktorlardan biri kimi qəbul edilməsinin göstəricisidir.
Bəhruz Məhərrəmov bildirib ki, səfərin mühüm nəticələrindən biri də enerji və logistika sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün yaranan yeni imkanlardır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində Azərbaycan artıq Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm strateji tərəfdaş statusuna malikdir.
Deputat qeyd edib ki, Azərbaycanın Avropaya təbii qaz ixracının genişlənməsi, yaşıl enerji və aşağıkarbonlu hidrogen layihələrinin inkişafı ölkənin qlobal enerji bazarındakı rolunu daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın Orta Dəhlizin əsas logistika mərkəzi kimi çıxış etməsi Avropa ilə Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin inkişafında ölkəmizin strateji əhəmiyyətini artırır.
Onun fikrincə, Almaniyanın "Global Gateway" strategiyası çərçivəsində Azərbaycan etibarlı tərəfdaş kimi xüsusi önəm daşıyır.
Deputat əlavə edib ki, müdafiə sənayesi, mina təmizlənməsi və hərbi təhsil sahələrində əməkdaşlıq imkanlarının rəsmi şəkildə gündəliyə daxil edilməsi iki ölkə arasında qarşılıqlı etimadın daha da möhkəmləndiyini göstərir.
Bəhruz Məhərrəmov sonda vurğulayıb ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldiyini, ölkəmizin Avropanın enerji, təhlükəsizlik və logistika sistemində mühüm strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirdiyini bir daha nümayiş etdirib.





