
Sosial şəbəkələrdə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri üzrə guya kompensasiya ödənilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə məlumatında bildirilib.
Məlumata görə, sosial şəbəkələrdə özəlləşdirmə çekləri üzrə kompensasiyanın ödənilməsi, bununla bağlı qeydiyyatın aparılması və müəyyən mobil nömrələrlə əlaqə saxlanılmasının vacibliyini iddia edən saxta paylaşımlar yayılır.
Qurumlar vurğulayıblar ki, bu cür məlumatlar tamamilə əsassızdır və vətəndaşlarda çaşqınlıq yaratmağa yönəlib.
DİN və MEDİA vətəndaşlara belə elanlara inanmamağı, naməlum telefon nömrələri ilə əlaqə saxlamamağı tövsiyə edib.
Bildirilib ki, bank kartlarının rekvizitləri, şəxsiyyət vəsiqəsinin məlumatları, SMS vasitəsilə göndərilən təsdiq kodları və digər şəxsi-maliyyə məlumatları heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Həmçinin naməlum şəxslərin tələbi ilə hər hansı ödəniş edilməməsi tövsiyə olunur.
Birgə məlumatda qeyd edilib ki, hazırda saxta məlumatların yayılması ilə bağlı müvafiq araşdırma aparılır.





