
Ayrı-ayrı media resursları və sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusu ilə bağlı yayılan videonun həqiqəti əks etdirmədiyi müəyyən olunub.
Qanuntv.az xəbər verir ki, araşdırmalar nəticəsində sosial şəbəkələrdə yayılan görüntülərin Azərbaycan Ordusuna aid olmadığı üzə çıxıb. Məlumata görə, bəzi media resursları və sosial şəbəkə istifadəçiləri daha çox baxış sayı və reytinq əldə etmək məqsədilə köhnə görüntüləri yanlış təqdim edərək onları Azərbaycan Ordusu ilə əlaqələndiriblər.
Araşdırma zamanı müəyyən edilib ki, videoda əks olunan hadisə bir neçə ay əvvəl xarici ölkələrdən birində baş verib. Görüntülərdə görünən hərbi nəqliyyat vasitəsi C-130 tipli turbopərvanəli təyyarədir. Halbuki Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında bu tip hərbi nəqliyyat təyyarəsi mövcud deyil.
Bundan əlavə, videoda istifadə olunan paraşüt sistemi də Azərbaycan Ordusunun silahlanmasında olan paraşüt növlərinə uyğun gəlmir. Bu səbəbdən videonun Azərbaycan Ordusuna aid olması ilə bağlı iddiaların heç bir əsası yoxdur.
Mütəxəssislər bildirirlər ki, bu cür dezinformasiyalar cəmiyyətdə yanlış təsəvvür formalaşdırır, ictimai narahatlığa səbəb olur və informasiya təhlükəsizliyinə mənfi təsir göstərir.
Vətəndaşlara, media qurumlarına və sosial şəbəkə istifadəçilərinə hərbi mövzularla bağlı məlumatları paylaşarkən yalnız rəsmi və etibarlı mənbələrə istinad etmələri, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinmələri tövsiyə olunur.





