
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Almaniyanın paytaxtı Berlin şəhərində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan və Almaniya şirkətləri, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər ənənəvi və bərpaolunan enerji sahəsində mövcud potensial, Orta Dəhliz çərçivəsində nəqliyyat, logistika və regional bağlantı imkanları barədə fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarına diqqət çəkilib. Almaniyanın bu sahədə qabaqcıl texnologiyalarının ölkəmizdə tətbiqi, xüsusilə "ağıllı kənd təsərrüfatı" konsepsiyası üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Görüşdə, həmçinin Azərbaycanın zəngin turizm potensialından daha səmərəli istifadə edilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər iqtisadi və investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.





