
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycanın Avropa ilə iqtisadi münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib ki, bu səfərin əhəmiyyəti yalnız diplomatik görüşlərlə məhdudlaşmır, eyni zamanda ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasının tərkib hissəsidir.
Deputatın sözlərinə görə, qlobal iqtisadi sistemdə baş verən dəyişikliklər fonunda etibarlı tərəfdaşlıq, enerji təhlükəsizliyi, logistika və texnologiyalar dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərə çevrilib. Azərbaycan isə son illərdə bu istiqamətlər üzrə etibarlı tərəfdaş imicini möhkəmləndirməyi bacarıb.
Tahir Mirkişili qeyd edib ki, Azərbaycan qazının Almaniya bazarına çıxması təkcə yeni ixrac istiqaməti deyil, ölkənin Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Onun fikrincə, Almaniya ilə əməkdaşlığın genişlənməsi yüksək texnologiyalar, sənaye innovasiyaları, avtomatlaşdırma sistemləri və yaşıl enerji sahələrində yeni imkanlar yaradacaq.
Deputat vurğulayıb ki, iqtisadi inkişafın əsas şərtlərindən biri yalnız təbii sərvətlərin ixracı deyil, bilik və texnologiyaların mənimsənilməsi, yüksək əlavə dəyər yaradan istehsalın formalaşdırılmasıdır. Bu baxımdan Almaniya ilə əməkdaşlıq Azərbaycanın texnoloji inkişafına mühüm töhfə verə bilər.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin səfərində diqqət mərkəzində olan əsas istiqamətlərdən biri də Orta Dəhlizin inkişafıdır. Tahir Mirkişili bildirib ki, Azərbaycan artıq yalnız tranzit ölkəsi kimi deyil, logistika mərkəzləri, sənaye zonaları, rəqəmsal xidmətlər və istehsal klasterləri vasitəsilə əlavə iqtisadi dəyər yaradan regional mərkəzə çevrilməyi hədəfləyir.
Deputat yaşıl enerji sahəsində əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, Xəzər dənizinin külək enerjisi potensialından istifadə etməklə gələcəyin enerji bazarında da mühüm rol oynamağa hazırlaşır.
Tahir Mirkişilinin fikrincə, Almaniya kimi Avropanın aparıcı iqtisadi gücü ilə strateji əməkdaşlığın genişləndirilməsi beynəlxalq investorların Azərbaycana inamını daha da artıracaq və yeni investisiya imkanlarının formalaşmasına şərait yaradacaq.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycanın yalnız enerji ixrac edən ölkə deyil, Avropa ilə Asiyanı birləşdirən yeni iqtisadi arxitekturanın fəal iştirakçısı kimi mövqeyini daha da gücləndirən mühüm strateji addımdır.





