
Səhər saatlarından etibarən cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların bir qismi azad ediləcək. “Qanuntv.az”ın məlumatına görə, ümumilikdə 20 min şəxsi əhatə edəcək amnistiya aktı 4 ay ərzində icra olunacaq.
Ədliyyə Nazirliyindən bildirilib ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə penitensiar müəssisələr üzrə amnistiya aktından təxminən 8 min məhkum yararlanacaq. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzası ləğv ediləcək, təxminən 3 min məhkumun cəzası isə 6 ay azaldılacaq.
Bundan başqa, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri üzrə ümumilikdə 10 mindən çox şəxsi əhatə edən amnistiya, 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunmasını nəzərdə tutur. Bu qərar probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsir göstərəcək.





