
Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol məhkəmənin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökm Seul Mərkəzi Rayon Məhkəməsi tərəfindən çıxarılıb.
Məlumata görə, sabiq dövlət başçısı hakimiyyət səlahiyyətlərindən sui-istifadə, hüquq-mühafizə orqanlarının fəaliyyətinə maneçilik törətmə və 2024-cü ilin dekabrında ölkədə elan edilməyə cəhd göstərilən hərbi vəziyyətlə (martial law) bağlı qanunsuz addımlarda ittiham olunub.
İstintaqın materiallarında bildirilir ki, Yun Sok Yol ona qarşı çıxarılmış həbs qərarının icrasına mane olmağa çalışıb, həmçinin rəsmi prosedurların pozulmasına yol verib. Məhkəmə bu əməllərin Konstitusiyaya və qanunlara zidd olduğunu əsas gətirərək onu təqsirli bilib.
Qeyd edək ki, sözügedən hadisələr ölkədə ciddi siyasi böhrana və kütləvi etirazlara səbəb olmuş, nəticədə Yun Sok Yol impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılmışdı. Hazırkı hökm onun barəsində çıxarılan ilk məhkəmə qərarıdır və sabiq prezidentin digər cinayət işləri üzrə məhkəmə prosesləri davam edir.
Yun Sok Yolun vəkillərinin hökmə qarşı apellyasiya şikayəti verəcəyi bildirilir.





