
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda ölkəmizi beynəlxalq sülh təşəbbüsündə iştirak etməyə dəvət edib.
Ağ Evdən göndərilən və 16 yanvar 2026-cı il tarixini daşıyan məktubda Donald Tramp Prezident İlham Əliyevi “Sülh Şurası” (Board of Peace) adlı yeni beynəlxalq qurumun təsisçi üzvü qismində iştiraka dəvət etdiyini bildirib. Məktubda qeyd olunur ki, sözügedən Şura qlobal münaqişələrin həllinə yönəlmiş misilsiz beynəlxalq platforma olacaq.
Donald Tramp məktubunda 2025-ci ilin sentyabrında Qəzza münaqişəsinin sona çatdırılması məqsədilə irəli sürülən 20 maddəlik hərtərəfli planı xatırladaraq, bu təşəbbüsün dünya liderləri tərəfindən dəstəkləndiyini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə qəbul etdiyini vurğulayıb.
Məktubda bildirilib ki, “Sülh Şurası” yeni beynəlxalq təşkilat və keçid idarəetmə strukturu kimi fəaliyyət göstərəcək və davamlı dünya sülhünün, rifahın və təhlükəsizliyin təmin olunmasını hədəfləyir. ABŞ prezidenti Azərbaycanın bu prosesdə liderlik nümunəsi göstərə biləcəyini xüsusi qeyd edib.
Donald Tramp məktubun sonunda Prezident İlham Əliyevlə uzunmüddətli əməkdaşlığa ümid etdiyini bildirərək, “bütün dünya üçün sülh, rifah və təhlükəsizlik” məqsədinə birgə nail olunacağına inandığını vurğulayıb.





