
2025-ci il ərzində Bakı şəhəri ərazisində ümumilikdə 14 104 cinayət hadisəsi qeydə alınıb. Bu barədə Bakı Şəhər Prokurorluğu məlumat yayıb.
Rəsmi statistikaya əsasən, törədilmiş cinayətlərin 93,4 faizinin açılması təmin olunub. Bu isə hüquq-mühafizə orqanlarının operativ fəaliyyəti nəticəsində cinayətlərin böyük əksəriyyəti üzrə təqsirli şəxslərin müəyyən edildiyini göstərir.
Məlumata görə, il ərzində qeydə alınan ağır və xüsusilə ağır cinayətlər, o cümlədən qəsdən adam öldürmə və adam öldürməyə cəhd halları üzrə cinayət işlərinin də açılması təmin edilib.
Bakı Şəhər Prokurorluğu cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai təhlükəsizliyin təmin olunması və vətəndaşların hüquqlarının qorunması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.





