
Bu gün Nyu-York şəhərində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası təşkil olunub. Aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.
Tədbir çərçivəsində Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillər və soyqırım qurbanları haqqında məlumatlar LED ekranlı avtomobillər vasitəsilə şəhərin mərkəzi küçələrində nümayiş etdirilib. Avtomobillər Tayms Meydanı, BMT Baş Qərargah binası, Uoll Strit, Bruklin körpüsü, Azadlıq Heykəli, Mərkəzi Park və digər diqqətəlayiq məkanlardan keçərək məlumatlandırma kampaniyasını həyata keçiriblər.
LED ekranlarda “Xatırla, hörmət et, düşün – Xocalı 1992”, “Xocalı soyqırımını unutma” və “Xocalı üçün ədalət” kimi şüarlar nümayiş olunub. Şəhər sakinləri tarixi faktlara çatmaq üçün QR kodlar vasitəsilə əlavə məlumatlar əldə edə biliblər.
Bənzər məlumatlandırma kampaniyaları eyni zamanda Vaşinqton və Boston kimi ABŞ şəhərlərində də keçirilib.
Aksiya məqsədi Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması, qurbanların xatirəsinin yad edilməsi və faciə haqqında məlumatın yayılmasıdır.





