
Türkiyə Prezident Administrasiyası Azərbaycana qarşı sosial şəbəkələrdə yayılan dezinformasiya və təxribat xarakterli paylaşımlarla bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, sarsılmaz tarixi bağlar və ortaq dəyərlərlə bir-birinə sıx bağlı olan Türkiyə və Azərbaycan yalnız bu gün deyil, keçmişdə də qarşılaşdıqları çətin sınaqlardan uğurla çıxıblar.
Qeyd olunub ki, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin rəhbərliyi ilə iki ölkə arasında münasibətlər bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında uğurla inkişaf edir.
Bəyanatda həmçinin vurğulanıb ki, ictimaiyyət Türkiyə-Azərbaycan qardaşlığına xələl gətirə biləcək həddini aşan ifadələrə, dezinformasiyalara və qara piar fəaliyyətlərinə qarşı daha həssas olmalıdır. Kritik məsələlərdə isə Türkiyə və Azərbaycanın rəsmi qurumlarının açıqlamalarına istinad edilməsi vacib hesab olunur.





