
“2026 JH2” adlı iri asteroid mayın 18-də Yer planetinin yaxınlığından rekord dərəcədə az məsafədən keçib.
Qanuntv.az xəbər verir ki, kosmik obyektin ölçüsü mavi balina ilə müqayisə olunur.
Məlumata görə, asteroid saatda 31 min kilometrdən çox sürətlə hərəkət edib. Astronomlar onun uçuşunu canlı yayım vasitəsilə izləyiblər.
“2026 JH2” asteroidi 2026-cı il mayın 10-da ABŞ-ın Arizona ştatında yerləşən Maunt-Lemmon rəsədxanası tərəfindən aşkar olunub. Avropa Kosmik Agentliyinin hesablamalarına əsasən, səma cisminin diametri 16-35 metr arasındadır.
Asteroid Yerə təxminən 91 min kilometr məsafəyə qədər yaxınlaşıb. Bu məsafə Yer ilə Ay arasındakı məsafənin təxminən 24 faizinə bərabərdir.
Alimlər bildiriblər ki, asteroid nə Yer, nə də Ay üçün hər hansı təhlükə yaratmayıb.
Səma cisminin hərəkəti İtaliyada yerləşən robotlaşdırılmış teleskoplar vasitəsilə “Virtual Teleskop” layihəsi çərçivəsində müşahidə olunub.
Məlumata görə, “2026 JH2” bundan sonra Yupiterin orbitinə doğru hərəkət edəcək. Onun Günəş ətrafında tam dövr etməsi 3,8 il davam edəcək. Asteroidin Yerə növbəti yaxın keçidinin isə 2060-cı ildə baş tutacağı bildirilib.




