
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkərana səfərləri çərçivəsində dekorativ-tətbiqi sənət ustası Samir Həbibov ilə görüşüblər.
Qanuntv.az xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva sənətkarın evində yerləşən emalatxanada olub, onun hazırladığı dekorativ əl işləri ilə tanış olublar.
Görüş zamanı Samir Həbibov bədii oyma sənətinin incəlikləri, istifadə etdiyi materiallar və hazırladığı dekorativ nümunələr barədə məlumat verib. Leyla Əliyeva və Arzu Əliyeva oyma prosesini izləyib, həmçinin sənətkarla birlikdə əl işləri hazırlayıblar.
Bildirilib ki, Samir Həbibov bu qədim sənətin sirlərini hələ uşaqlıq illərindən atasından öyrənib. O, əsasən müxtəlif növ ağac materiallarından milli ornamentlərlə bəzədilmiş suvenirlər, dekorativ əşyalar və məişət üçün nəzərdə tutulan əl işləri hazırlayır.
Sənətkarın hazırladığı məhsullar ABAD satış şəbəkəsi vasitəsilə istehlakçılara təqdim olunur.








