
Rusiyada ömürlük həbs cəzası çəkən keçmiş senator Rauf Araşukovun "Qara delfin" həbsxanasında xüsusi imtiyazlar əldə etmək məqsədilə həbsxana əməkdaşlarına milyonlarla dollar və rubl məbləğində rüşvət təklif etdiyi iddia olunur.
Məlumata görə, Araşukov koloniyanın əməliyyat şöbəsinin rəisinə əvvəlcə 5 milyon dollar, daha sonra isə müxtəlif güzəştlərin təmin edilməsi üçün əlavə olaraq milyonlarla rubl təklif edib. İddialara əsasən, bu güzəştlərə limitsiz telefon danışıqları, görüşlər, bağlamalar qəbul etmək, kamera yoldaşını seçmək və işləmək imkanları daxil olub.
Xatırladaq ki, Rauf Araşukov 2019-cu ildə saxlanılıb. O və atası Raul Araşukov 2022-ci ildə qətllərin təşkili, mütəşəkkil cinayətkar qruplaşma yaratmaq və iri həcmdə mənimsəmə ittihamları üzrə ömürlük həbs cəzasına məhkum ediliblər.
İstintaqın versiyasına görə, Araşukov daha sonra vəkili vasitəsilə penitensiar xidmət əməkdaşına 3 milyon rubl rüşvət ötürüb. Bu fakt üzrə açılan cinayət işi nəticəsində 2026-cı ilin yanvarında ona əlavə olaraq 10 il həbs və 120 milyon rubl cərimə cəzası verilib. Apellyasiya instansiyası mart ayında hökmü qüvvədə saxlayıb.
Mənbə: Qanuntv.az, Oxu.Az-a istinadən.





