
Türkiyənin Niğde vilayətində yağan güclü leysan və dolu nəticəsində baş verən sel fəlakəti insan tələfatına səbəb olub.
Qanuntv.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Hadisə vilayətin Gümüşlər qəsəbəsində qeydə alınıb. Məlumata görə, leysan yağışlarından sonra yaranan sel sularına üç avtomobil və altı nəfər düşüb. Hadisə yerinə cəlb olunan xilasedicilər tərəfindən sudan çıxarılan şəxslər xəstəxanalara çatdırılıblar.
Xəstəxanaya yerləşdirilən Sabiha Dinçerin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların müalicəsi isə davam etdirilir.
Hadisə yerində AFAD, səhiyyə xidmətləri, jandarma, bələdiyyə və digər aidiyyəti qurumların əməkdaşları axtarış-xilasetmə və fəsadların aradan qaldırılması işlərini davam etdirirlər.
Niğde valisi Nədim Akmeşe bildirib ki, sel və daşqınlarla mübarizə tədbirlərinə 39 texnika vahidi, 13 xüsusi təyinatlı iş maşını və 216 nəfər şəxsi heyət cəlb olunub.
Valinin sözlərinə görə, yaralılardan birinin müalicəsi davam edir, digər dörd nəfər isə həkim nəzarəti altında saxlanılır.
Hazırda hadisənin başvermə səbəbləri və dəymiş ziyanın həcmi ilə bağlı araşdırmalar aparılır.





