
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar dəyərində dondurulmuş aktivlərinin sərbəst buraxılmasına razılıq verib.
Qanuntv.az xəbər verir ki, bu barədə İranın ali rəhbərinin məsləhətçisi, general Möhsün Rzayi məlumat verib. Onun sözlərinə görə, ABŞ Prezidenti İranın dondurulmuş vəsaitlərinin bir hissəsinin azad edilməsini təsdiqləyib, lakin hələlik bu məsələ ilə bağlı ictimaiyyət qarşısında açıqlama verməyə hazır deyil.
Bununla yanaşı, iyunun 12-də ABŞ-nin vitse-prezidenti Cey Di Vens sosial şəbəkədə yayımladığı açıqlamada İran aktivlərinə tətbiq olunan sanksiyaların aradan qaldırılması ilə bağlı iddiaları təkzib edib. O bildirib ki, İran heç bir nağd vəsait əldə etməyəcək və danışıqlarda iştirak etməsi və ya mümkün razılaşmanın imzalanması maliyyə resurslarının avtomatik şəkildə sərbəst buraxılması anlamına gəlmir.
Cey Di Vens qeyd edib ki, əldə olunacaq hər hansı razılaşma ABŞ və onun müttəfiqlərinin təhlükəsizlik maraqları nəzərə alınmaqla hazırlanacaq. O əlavə edib ki, Tehran öhdəliklərini yerinə yetirərsə, bu proses həm İran, həm də region ölkələri üçün iqtisadi faydalar yarada bilər.
Məsələ ilə bağlı tərəflərin rəsmi mövqeləri və danışıqların nəticələri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.





