
ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasında sazişin iyunun 14-də imzalanmasının planlaşdırıldığını açıqlayıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" platformasında paylaşım edib.
ABŞ liderinin sözlərinə görə, razılaşma imzalandıqdan dərhal sonra Hörmüz boğazının bütün gəmilər üçün açılması gözlənilir. O bildirib ki, Vaşinqton və Tehran arasında münasibətlər əvvəlki administrasiyalar dövrü ilə müqayisədə daha yaxşı səviyyədədir.
Donald Tramp həmçinin ABŞ-nin İran və digər Yaxın Şərq ölkələri ilə gələcək əməkdaşlığa ümid etdiyini vurğulayıb. Bununla yanaşı, o qeyd edib ki, sazişin baş tutmaması halında alternativ addımlar da nəzərdən keçirilir.
Prezident paylaşımında İranın zənginləşdirilmiş uranı ilə bağlı məsələlərin də gündəmdə olduğunu bildirərək, bu mövzunun gələcəkdə uyğun zamanda həll ediləcəyini qeyd edib.
Sazişlə bağlı tərəflərdən əlavə rəsmi açıqlamaların verilməsi gözlənilir.





