
Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi Kəhybər-Paxtunxva əyalətinin Mərdan şəhəri yaxınlığında qəzaya uğrayıb.
Məlumata görə, təyyarə növbəti təlim uçuşunu həyata keçirərkən naməlum səbəbdən yerə çırpılıb. Qəza nəticəsində təyyarədə olan hər iki pilot həlak olub. Ölənlərin Pakistan Hərbi Hava Qüvvələrinin pilotu Məhəmməd Qasim Abdullah və Pakistan Hərbi Dəniz Qüvvələrinin zabiti Taha Abbasi olduğu bildirilib.
Pakistan ordusunun yaydığı açıqlamada bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün xüsusi istintaq komissiyası yaradılıb. İlkin məlumata əsasən, təyyarə adi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Qeyd edək ki, bu, son bir həftə ərzində Pakistan Silahlı Qüvvələrində baş verən ikinci ciddi aviasiya hadisəsidir. Bir neçə gün əvvəl Pakistanın nəzarətində olan Kəşmir bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı hərbçi həyatını itirmişdi.





