
Azərbaycandan Ermənistana yanacaq ixracı davam edir.
Qanuntv.az xəbər verir ki, bu gün Ermənistana 17 vaqondan ibarət, ümumi çəkisi 1 000 ton olan dizel yanacağı göndərilib.
Bununla yanaşı, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük daşınması həyata keçirilib. Belə ki, 18 vaqondan ibarət, ümumi çəkisi 1 260 ton olan buğda “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel yanacağı, 4 min tondan çox Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.
Həmçinin Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit yolu ilə 32 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit daşınıb.
Məlumata görə, martın 5-də 1 984 ton dizel yanacağı və 135 ton gübrə yüklənmiş vaqonlardan ibarət qatar, aprelin 11-də isə 887 ton dizel yanacağı Azərbaycandan Ermənistana göndərilib.





