
ABŞ və İran aparılan danışıqlar çərçivəsində Tehranın nüvə proqramı ilə bağlı razılığa gəliblər.
Qanuntv.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, tərəflər İranın uran ehtiyatlarının zənginləşdirilməsi səviyyəsinin azaldılması barədə qərar qəbul ediblər. O qeyd edib ki, ABŞ əvvəlcə İranın nüvə ehtiyatlarının ölkədən çıxarılmasını tələb etsə də, danışıqlar nəticəsində zənginləşdirmə səviyyəsinin aşağı salınması variantı üzərində razılıq əldə olunub.
İshaq Dar bildirib ki, İranın nüvə ehtiyatları hələ də yerin altındadır və Vaşinqtonla Tehran diplomatiyanın yeganə çıxış yolu olduğu qənaətinə gəlib.
O əlavə edib ki, yaxın 60 gün ərzində İran Hörmüz boğazından keçən gəmilər üçün tranzit rüsumları tətbiq etməyəcək.
Pakistan XİN rəhbəri qeyd edib ki, ABŞ və İran arasında yaradılmış üç texniki qrup nüvə proqramı, Livandakı vəziyyət və İran aktivlərinin dondurulmasının ləğvi məsələlərini müzakirə edir.
Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar İsveçrədə Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə keçirilir.





