
Qazaxıstanda iyunun 29-dan iyulun 2-dək qoşunların döyüş hazırlığının ən yüksək səviyyəyə gətirilməsi məqsədilə kompleks taktiki və sıra təlimləri keçiriləcək.
QanunTV.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, keçiriləcək bütün tədbirlər təlim xarakteri daşıyır və əvvəlcədən təsdiqlənmiş plana uyğun həyata keçiriləcək.
Bildirilib ki, təlimlər əsasən hərbi hissələrin və xüsusi təlim poliqonlarının ərazilərində aparılacaq. Bununla yanaşı, hərbi texnikanın geniş hərəkəti də nəzərdə tutulur.
Qeyd olunub ki, Silahlı Qüvvələrin bəzi bölmələri poliqonlara və təlim mərkəzlərinə yürüşlər həyata keçirəcək. Bu səbəbdən bəzi avtomobil yollarında mülki nəqliyyat üçün müvəqqəti məhdudiyyətlərin tətbiq oluna biləcəyi bildirilib.





