
Pakistanın cənub-qərbində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 40 nəfər həlak olub, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qanuntv.az xəbər verir ki, hadisə Bəlucistan və Xayber-Paxtunxva əyalətlərinin sərhədi yaxınlığında yerləşən Dxana Sar dağlıq ərazisində qeydə alınıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, sərnişin avtobusu idarəetməni itirərək dərin dərəyə yuvarlanıb. Qəza nəticəsində çoxsaylı insan həyatını itirib, yaralanan şəxslər isə yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıblar.
Məlumata əsasən, avtobus Bəlucistan əyalətinin paytaxtı Kvetta şəhərindən Xayber-Paxtunxva əyalətinin inzibati mərkəzi olan Pəşavər istiqamətində hərəkət edirmiş. Yol boyu texniki nasazlıq səbəbindən dayanmış digər avtobusun sərnişinləri də həmin nəqliyyat vasitəsinə minib.
İlkin ehtimallara görə, avtobus iki əyalətin sərhədini keçdikdən qısa müddət sonra qəzaya uğrayaraq dərəyə düşüb.
Hazırda xilasetmə qrupları hadisə yerində əməliyyatları davam etdirir. Bildirilir ki, ərazinin mürəkkəb dağlıq relyefi yaralıların təxliyəsi və axtarış-xilasetmə işlərinin aparılmasını çətinləşdirir.
Faktla bağlı araşdırma aparılır.





