
Türkiyənin şimalında yerləşən Filyos şəhəri yaxınlığında, Qara dəniz sahilində hərbi təyinatlı olduğu ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) tapılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatının aşkarlanması barədə yerli sakinlər tərəfindən təcili xidmət orqanlarına məlumat verilib.
Hadisə yerinə qısa müddət ərzində jandarm bölmələri cəlb olunub, ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb. Aparatda partlayıcı maddələrin ola biləcəyi ehtimalı nəzərə alınaraq istehkamçılar da əraziyə göndərilib.
Hazırda mütəxəssislər tərəfindən PUA-nın hansı ölkəyə məxsus olduğu və Qara dənizə necə düşdüyünün müəyyənləşdirilməsi istiqamətində texniki araşdırmalar aparılır.
Qeyd edək ki, Türkiyənin Qara dəniz sahillərində bundan əvvəl də müxtəlif pilotsuz uçuş aparatlarının aşkar edilməsi halları qeydə alınıb.





