
Oman Xarici İşlər Nazirliyi ölkə ərazisinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlarla bağlı İranın Məsqətdəki səfiri Musa Fərhangı Xarici İşlər Nazirliyinə çağırıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Oman XİN-in yaydığı bəyanatda bildirilib.
Məlumata görə, Oman xarici işlər nazirinin müavini Xalid bin Həşəl əl-Müsəlhi Musandam və Əl-Vusta əyalətlərində yerləşən obyektlərə dron zərbələri ilə əlaqədar İran tərəfinə etirazını çatdırıb.
Görüş zamanı Oman rəsmisi baş verən hadisələrdən ciddi narazılığını ifadə edərək, dövlətlərin suverenliyinə hörmət edilməsinin, daxili işlərə qarışmamaq prinsipinə riayət olunmasının və mehriban qonşuluq münasibətlərinin qorunmasının vacibliyini vurğulayıb.
Bəyanatda, həmçinin iki qonşu xalq arasında mövcud olan tarixi və mənəvi əlaqələrə hörmət göstərilməsinin əhəmiyyəti qeyd olunub.
Qeyd edək ki, iyulun 12-də Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman ərazisində raket və pilotsuz uçuş aparatlarından istifadə olunmaqla hava hücumlarının qeydə alındığı bildirilib.
Hadisələrin detalları və hücumların təşkilatçıları ilə bağlı araşdırmalar davam edir.





