
Nazirlər Kabineti enerji menecment sistemi və enerji effektivliyinin qiymətləndirilməsi ilə bağlı mövcud qaydalarda dəyişiklik edib.
Qanuntv.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, 17 avqust 2022-ci il tarixli qərarla təsdiq edilmiş "Enerji menecment sisteminə dair Tələblər"ə, eləcə də 18 aprel 2023-cü il tarixli qərarla təsdiq edilmiş "Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları"na dəyişikliklər edilib.
Yeni qaydalara görə, bəzi təsərrüfat subyektləri sertifikatlaşdırılma ilə bağlı məlumatları bundan sonra yalnız Energetika Nazirliyinə deyil, Enerji Effektivliyi İnformasiya Sisteminə (EEİS) də təqdim etməli olacaqlar.
Bundan əlavə, enerji menecment sisteminin tətbiqi və bu sahədə əldə olunan nəticələr barədə illik hesabatlar sorğu olunduğu halda hər hesabat ilindən sonrakı ilin yanvar ayının sonunadək həm Energetika Nazirliyinə, həm də EEİS-ə təqdim ediləcək.
Qərara əsasən, effektivlik potensialının qiymətləndirilməsi də bundan sonra EEİS vasitəsilə aparılacaq. Təsərrüfat subyektləri müvafiq hesabatları yazılı və ya elektron formada sistem üzərindən nazirliyə göndərə biləcəklər.
Qiymətləndirmənin nəticələri isə 5 iş günü ərzində həmin təsərrüfat subyektinin EEİS-də yaradılmış elektron kabinetində yerləşdiriləcək.





