
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə telefonla zəng edib.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Şavkat Mirziyoyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, qardaş Özbəkistan xalqının rifahı naminə həyata keçirdiyi ali dövləti fəaliyyətində yeni uğurlar və nailiyyətlər arzulayıb.
Prezident Şavkat Mirziyoyev göstərilən diqqətə və xoş arzulara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, eyni zamanda Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyib.
Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan ilə Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığın bütün istiqamətlərdə genişlənməsindən məmnunluqlarını ifadə ediblər.
Söhbət zamanı gələcək yüksəksəviyyəli təmaslar, qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.





