
Səbail rayonunun Arif İsmayılov küçəsində yaşayan sakinlər uzun müddətdir yolun bərbad vəziyyətdə olmasından narazıdırlar.
Qanuntv.az xəbər verir ki, sakinlər bununla bağlı Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, bir neçə il əvvəl ərazidə kanalizasiya xəttinin təmiri məqsədilə yol qazılıb, lakin işlər başa çatdıqdan sonra qazılmış hissələr əvvəlki vəziyyətinə qaytarılmayıb.
Onların sözlərinə görə, illərdir yolun tozlu və palçıqlı vəziyyətdə qalması gündəlik hərəkəti çətinləşdirir. Sakinlər problemin qismən aradan qaldırılması üçün öz vəsaitləri hesabına yola çınqıl və daş tökdüklərini bildiriblər.
"Bu illər ərzində tozun və palçığın qarşısını almaq üçün yola çınqıl və daş tökmüşük. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, baxan yoxdur", – deyə sakinlərdən biri qeyd edib.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib ki, son illər rayonun müxtəlif ərazilərində 70 kilometrdən artıq yolun asfalt örtüyü yenilənib. Qeyd olunub ki, 2026-cı il ərzində də yolların mərhələli şəkildə asfaltlanması işləri davam etdirilir.
İcra Hakimiyyəti həmçinin bildirib ki, sakinlərin müraciətində qeyd olunan Arif İsmayılov küçəsi də nəzarətə götürülüb və həmin ərazidə yolun bərpası ilə bağlı məsələyə baxılacaq.





