
Göygöl rayonunda ənənəvi V Milli Yaylaq Festivalı öz işinə başlayıb.
Qanuntv.az xəbər verir ki, festival Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən "Xan Yurdu" etnoqəsəbəsində keçirilir.
Tədbir Göygöl Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası və digər tərəfdaş qurumların dəstəyi ilə "Cavad Xan" Tarix və Mədəniyyət Fondu və "KAP.AZ" MMC-nin birgə təşəbbüsü əsasında təşkil olunub.
Festival çərçivəsində ziyarətçilər üçün xalçaçılıq sənəti sərgisi, sənətkarlıq guşələri, oxatma, atçılıq, zorxana kimi milli idman növləri, etnospor məşqləri, uşaqlar üçün əyləncə zonaları, konsert proqramları, aşıq musiqisi, folklor nümunələri, teatr tamaşaları, yorğa atların sərgisi, kəndirbazların və alovpüskürənlərin çıxışları, həmçinin "Yaylaq süfrəsi" və digər tematik məkanlar təşkil edilib.
Festivalın ilk günündən etibarən "Xan Yurdu" etnoqəsəbəsinə yerli və xarici turistlərin böyük maraq göstərdiyi bildirilir.
Qeyd edək ki, V Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi sabah keçiriləcək.











