
ABŞ Prezidenti Donald Tramp Konqresə dövlət administrasiyasının maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinin vaxtında qəbul edilməsinin vacibliyi barədə xəbərdarlıq edib.
Qanuntv.az xəbər verir ki, Donald Tramp bildirib ki, Konqres oktyabrın 1-dək dövlət administrasiyasının maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləməyəcəyi təqdirdə, ABŞ hökumətinin fəaliyyəti sentyabr ayında dayana bilər.
Ağ Ev rəhbəri çıxışı zamanı bu məsələ ilə bağlı ciddi xəbərdarlıq edərək, "Sentyabr ayında işlərin dayandırılması ilə üzləşəcəksiniz", – deyə vurğulayıb.
Xatırladaq ki, ABŞ-də sonuncu qismən hökumət bağlanması (şatdaun) bu ilin yanvarın 31-də baş vermiş və fevralın 4-dək davam etmişdi. Həmin dövrdə federal hökumətin bir sıra qurumlarının fəaliyyəti maliyyələşmənin təsdiqlənməməsi səbəbindən müvəqqəti olaraq dayandırılmışdı.
Məlumata görə, həmin böhran Minnesota ştatında baş verən hadisələrdən sonra Daxili Təhlükəsizlik Departamentinin büdcəsinin davamlılığını təmin edəcək qanun layihəsinə demokrat senatorların dəstək verməməsi nəticəsində yaranmışdı.
Hazırda Konqresdə maliyyələşmə ilə bağlı müzakirələr davam edir və qanun layihəsinin vaxtında qəbul olunub-olunmayacağı diqqət mərkəzindədir.





