
Bakıda təşkil olunacaq güləş üzrə U17 dünya çempionatının medalları ictimaiyyətə təqdim edilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, çempionat üçün hazırlanan medallar özünəməxsus dizaynı ilə seçilir. Medalların kənar hissələrində Azərbaycanın zəngin mədəni irsini əks etdirən milli xalçaçılıq naxışlarından istifadə olunub. Bu yanaşma həm ölkənin tarixi-mədəni dəyərlərini ön plana çıxarır, həm də mükafatlara xüsusi estetik görünüş bəxş edir.
Məlumata görə, diametri 10 santimetr olan medallardan ümumilikdə 120 ədəd hazırlanıb. Yarışın yekununda 30 qızıl, 30 gümüş və 60 bürünc medal öz sahiblərinə təqdim ediləcək.
Qeyd edək ki, güləş üzrə U17 dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək. Turnirdə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçinin iştirakı gözlənilir.
Çempionatın yüksək səviyyədə təşkili və fərqli dizayna malik medalların hazırlanması Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi sahəsində qazandığı təcrübənin növbəti göstəricisi kimi qiymətləndirilir.





