
Venesuela prezidenti Nikolas Maduronun təhlükəsizlik dəstəsində xidmət edərkən həlak olan 32 kubalı mühafizəçinin cənazələri Kubaya gətirilib.
Kuba mediasının və rəsmi qurumların məlumatına görə, tabutlar Havana hava limanında dövlət rəsmiləri və həlak olanların ailə üzvləri tərəfindən qarşılanıb. Cənazələr Kuba bayrağına bükülüb və hərbi ehtiramla qəbul mərasimi keçirilib.
Kuba hakimiyyəti bildirir ki, həlak olan şəxslər Venesuelada rəsmi təhlükəsizlik missiyası çərçivəsində xidmət ediblər. Hadisə ilə bağlı detallı məlumat açıqlanmasa da, məsələ regionda baş verən son gərginlik fonunda geniş beynəlxalq müzakirələrə səbəb olub.
Qeyd olunub ki, Kubada həlak olan mühafizəçilərin xatirəsinə anım tədbirləri keçiriləcək, onların ailələrinə dövlət səviyyəsində dəstək göstəriləcək. Hadisə ilə bağlı rəsmi araşdırmaların davam etdiyi bildirilir.





