
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova AQEM çərçivəsində qadın sahibkarlığının inkişafı ilə bağlı mühüm fikirlər səsləndirib.
Qanuntv.az xəbər verir ki, o, bu fikirləri aprelin 14-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində təşkil olunan “Qadın sahibkarlığın inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı tədbirdə deyib.
Bahar Muradova bildirib ki, qadınların iqtisadi fəaliyyətə cəlb olunması inklüziv və davamlı inkişafın əsas istiqamətlərindən biridir və sosial rifahın yüksəlməsində mühüm rol oynayır.
Onun sözlərinə görə, qadınların sahibkarlıqda fəal iştirakı yeni iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artmasına və ümumilikdə iqtisadi dayanıqlığın güclənməsinə töhfə verir.
Komitə sədri vurğulayıb ki, qadın sahibkarlığının təşviqi təkcə gender bərabərliyi deyil, həm də strateji iqtisadi inkişaf prioriteti kimi qəbul olunmalıdır.
O qeyd edib ki, AQEM çərçivəsində ilk dəfə olaraq hökumət və parlament nümayəndələrinin birlikdə təşəbbüs irəli sürməsi və qadın sahibkarlığının müzakirə mövzusuna çevrilməsi mühüm yenilikdir.





