
Avropa Parlamentinin bir qrup deputatı təşkilatın Azərbaycanla münasibətlərdə atdığı addımları tənqid edib və Bakı ilə əməkdaşlığın zəifləməsinə görə məsuliyyətin bir hissəsinin məhz Avropa İttifaqının (Aİ) öz siyasətinə aid olduğunu bildiriblər.
Məlumata görə, Strasburqda keçirilən Avropa Parlamentinin plenar iclasının sonunda Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırması və “Euronest”dən çıxması məsələsi gündəmə gətirilib.
Avropa Parlamentinin “Euronest” üzrə nümayəndə heyətinin rəhbəri Sergey Laqodinski Azərbaycanı qərara yenidən baxmağa çağıraraq bildirib ki, ölkə Şərq Tərəfdaşlığı çərçivəsində regional dialoqun vacib hissəsi olaraq qalır və əməkdaşlıq platformalarında iştirakı mühüm əhəmiyyət daşıyır.
İclasda çıxış edən deputatların bir hissəsi isə Brüsselin siyasətini tənqid edərək, Bakı ilə münasibətlərdə yaranmış gərginliyin səbəblərindən birinin Avropa Parlamentinin addımları olduğunu vurğulayıb.
Avropa Mühafizəkarları və İslahatçıları qrupundan olan deputat Kristian Terheş bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi bəzi qətnamələr Azərbaycanla münasibətlərə mənfi təsir göstərib və bu yanaşma “siyasi uzaqgörənlikdən uzaq” olub.
O, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəlilədiyi bir mərhələdə Avropa Parlamentinin sərt mövqeləri regionda sabitliyə töhfə vermir.
Anjelin Füre isə çıxışında bildirib ki, Aİ-nin həm enerji əməkdaşlığını saxlamaq, həm də siyasi təzyiq göstərmək siyasəti nəticə verməyib və bu yanaşma münasibətlərdə böhran yaradıb.
Deputat Tyerri Mariani isə Cənubi Qafqazda sülh prosesinin real imkan yaratdığını, lakin Avropa Parlamentinin bəzi qərarlarının bu prosesi zəiflədə biləcəyini qeyd edib.
Digər deputat Tomas Frölih isə Aİ-nin xarici siyasətdə zəiflədiyini, Azərbaycanla gərginliyin isə enerji təhlükəsizliyinə təsir riski yaratdığını bildirib.
Müzakirələr zamanı vurğulanıb ki, Euronest Parlament Assambleyası çərçivəsində əməkdaşlığın gələcəyi və Azərbaycan–Aİ münasibətlərinin perspektivi hazırda əsas müzakirə mövzularındandır.
Sonda deputatlar ümumi olaraq Aİ siyasətində daha praqmatik və qarşılıqlı hörmətə əsaslanan yanaşmanın vacibliyini qeyd ediblər.





