
Pakistanın təhlükəsizlik qüvvələri son üç gün ərzində Hayber-Paxtunxva əyalətində keçirilən əməliyyatlar zamanı 27 silahlı şəxsi zərərsizləşdirib.
Qanuntv.az xəbər verir ki, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Xidmətinin (ISPR) yaydığı məlumata görə, əməliyyatlar Şimali Vəziristan bölgəsində “Fitnə əl-Xəvaric” kimi tanınan, keçmiş “Təhrik-i-Taliban Pakistan” (TTP) qruplaşmasına qarşı aparılıb. Əməliyyatlar zamanı silah və sursat da ələ keçirilib.
Bildirilib ki, məhv edilən şəxslər təhlükəsizlik qüvvələrinə və mülki əhaliyə qarşı törədilən hücumlarda iştirak ediblər.
Rəsmi statistikaya əsasən, 2025-ci il ərzində ölkədə 5 397 terror hadisəsi qeydə alınıb. Həmin dövrdə 2 597 terrorçu zərərsizləşdirilib, 1 235 nəfər isə həyatını itirib.
Məlumata görə, terror hücumlarının böyük hissəsi Hayber-Paxtunxva və Bəlucistan əyalətlərində baş verib.





