
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkilatçılığı ilə "Sağlam həmkar" minifutbol turnirinin açılış mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən AHİK sədrinin müavini Qəzənfər Abdullayev Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. O bildirib ki, ölkədə idman infrastrukturunun müasirləşdirilməsi, idmançıların dəstəklənməsi və beynəlxalq yarışların keçirilməsi istiqamətində mühüm addımlar atılıb.
Qeyd olunub ki, "Sağlam həmkar" minifutbol turnirinin əsas məqsədi sağlam həyat tərzinin təşviqi, kollektivlər arasında həmrəyliyin gücləndirilməsi, komanda ruhunun formalaşdırılması və asudə vaxtın səmərəli təşkilidir.
Tədbir çərçivəsində AHİİTA-nın idman bölmələrinin idmançıları tərəfindən müxtəlif nümunəvi çıxışlar nümayiş etdirilib.
Açılış mərasimindən sonra turnirin ilk oyunları keçirilib. Yarışda AHİK-in üzv təşkilatlarını təmsil edən ümumilikdə 17 komanda 4 qrup üzrə mübarizə aparır.
Turnirin qalibləri iyulun 10-da keçiriləcək final oyunundan sonra müəyyənləşəcək.













