
ABŞ-də Türkiyə futbol millisinin iştirakı ilə bağlı insident baş verib.
Qanuntv.az xəbər verir ki, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə ABŞ-nin Arizona ştatında, futbol üzrə dünya çempionatına (DÇ-2026) hazırlıq çərçivəsində Türkiyə milli komandasının təlim-məşq toplanışı zamanı qeydə alınıb.
Bildirilir ki, “ay-ulduzlular” azarkeşlər üçün ilk açıq məşqini başa vurduqdan sonra komandanı müşayiət edən polis motosikleti hotelə qayıdarkən qəzaya uğrayıb.
Hadisə yerinə çoxsaylı polis və təcili yardım briqadaları cəlb olunub. Türkiyə millisinin üzvlərinin də təxminən 20 dəqiqə hadisə yerində gözlədiyi qeyd edilib.
Məlumata görə, xəsarət alan polis əməkdaşına ilkin tibbi yardım Türkiyə milli komandasının həkim heyəti tərəfindən göstərilib.
Qeyd edək ki, DÇ-2026 turniri 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.





