
İran nümayəndə heyəti İsveçrənin Bürgenstok şəhərində ABŞ ilə keçirilən danışıqların bu mərhələsini yekunlaşdırıb.
Qanuntv.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin açıqlamasına istinadən məlumat yayılıb.
İsmayıl Bəqai bildirib ki, əsas nümayəndə heyətlərinin danışıqları başa çatsa da, texniki komandalar iyunun 22-də fəaliyyətlərini davam etdirəcəklər. Onun sözlərinə görə, görüşlər zamanı yekun razılaşmanın hazırlanması, həmçinin imzalanmış anlaşma memorandumunun icrası ilə bağlı vacib məsələlər müzakirə olunub.
Məlumata əsasən, əsas müzakirə prosesi təxminən 80 dəqiqə davam edib. Daha sonra İran nümayəndələri daxili məsləhətləşmələr aparıblar.
Danışıqlarda ABŞ və İran arasında vasitəçi rolunu həyata keçirən Qətər və Pakistan da iştirak edib. Tərəflər görüşlərin müsbət və konstruktiv şəraitdə keçdiyini bildiriblər.
Bürgenstokdakı görüşlər çərçivəsində xüsusi nəzarət komitəsinin yaradılması barədə razılıq əldə olunub. Bildirilib ki, bu komitə siyasi nəzarəti həyata keçirəcək, danışıqlar qruplarının rəhbərləri isə mütəmadi olaraq görülən işlər barədə hesabat verəcəklər.
Komitənin əsas məqsədi nüvə məsələsi, sanksiyalar, monitorinq mexanizmləri və mümkün fikir ayrılıqlarının həlli istiqamətində prosesin koordinasiyasını təmin etməkdir.
Qətər və Pakistanın birgə bəyanatında qeyd olunub ki, tərəflər ABŞ və İran arasında yekun razılaşmanın əldə olunması üçün yol xəritəsi hazırlayıblar. Həmçinin növbəti 60 gün ərzində yekun razılaşmaya nail olmaq üçün texniki müzakirələrin davam etdirilməsi planlaşdırılır.
Bundan əlavə, Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz hərəkətinin təmin olunması və mümkün insidentlərin qarşısının alınması məqsədilə tərəflər arasında xüsusi rabitə xəttinin yaradıldığı bildirilib.
İranın xarici işlər naziri Abbas Əraqçı da danışıqlarla bağlı açıqlamasında bildirib ki, Qətər və Pakistanın vasitəçiliyi ilə bir sıra məsələlər üzrə razılıqlar əldə olunub. Onun sözlərinə görə, neft ixracı, dondurulmuş aktivlərin bərpası və iqtisadi məsələlər müzakirə olunan əsas mövzular sırasında olub.
ABŞ tərəfinin isə danışıqların gedişindən razı qaldığı barədə məlumat yayılıb.





