
İspaniyanın Almeriya əyalətində baş verən güclü meşə yanğını insan tələfatına səbəb olub.
Məlumata görə, iyulun 9-da qeydə alınan yanğın nəticəsində azı 12 nəfər həyatını itirib. İlkin ehtimallara əsasən, hadisəyə avtomagistralın kənarına qırılıb düşən elektrik kabeli səbəb olub. Qısa müddət ərzində alov geniş meşəlik əraziyə yayılaraq ciddi fəsadlar törədib.
Hazırda yanğının söndürülməsi istiqamətində genişmiqyaslı əməliyyatlar davam etdirilir. Əraziyə xeyli sayda texnika və canlı qüvvə cəlb olunub. Bildirilir ki, alovla mübarizədə təxminən 300 nəfərlik heyət iştirak edir.
Əməliyyatlara xilasetmə xidmətlərinin əməkdaşları ilə yanaşı, fövqəladə hallar üzrə hərbi bölmələrin nümayəndələri də cəlb ediliblər. Səlahiyyətli qurumlar yanğının tam nəzarətə götürülməsi və əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirirlər.
Hadisə ilə bağlı araşdırma aparılır.





