
Gələn il 24 fevral tarixində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan nəqliyyat vasitələrinin satışı ilə bağlı növbəti hərrac keçirəcək.
Məlumata görə, hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında təşkil olunacaq. Hərraca ümumi dəyəri 287 min 500 manat olan 11 nəqliyyat vasitəsi çıxarılacaq.
Satışa çıxarılan əmlaklar arasında Dövlət Sərhəd Xidmətinə məxsus, istehsal ili 1969-cu il olan “Point Brower D” markalı gəmi də yer alır. Sözügedən gəminin start qiyməti 230 min manat müəyyən edilib.
Hərracda iştirak etmək istəyən şəxslər üçün satışa çıxarılan nəqliyyat vasitələri ilə əvvəlcədən tanış olmaq imkanı yaradılıb. Sifarişlərin qəbulu hərracın keçirilməsinə ən gec 3 bank günü qalanadək davam edəcək.
Əlavə məlumat və hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı ilə rəsmi internet resursları vasitəsilə tanış olmaq mümkündür.
Qanuntv.az





