
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çinə rəsmi səfəri çərçivəsində Çin Kommunist Partiyasının Muzeyini ziyarət edib.
QanunTV.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” (keçmiş “Twitter”) sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Məlumatda qeyd olunub ki, muzey Çinin müasir inkişafına təsir göstərən tarixi mərhələlər və idarəetmə təcrübəsi barədə zəngin və dəyərli məlumatlar təqdim edir.
Nazir Ceyhun Bayramov muzeyin Qonaq Kitabına ürək sözlərini yazaraq, Azərbaycan və Çin arasında mövcud olan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Xarici işlər naziri özünün “X” hesabında etdiyi paylaşımda isə Çin Kommunist Partiyasının Muzeyini ziyarət etməyin onun üçün şərəf olduğunu bildirib. O qeyd edib ki, muzey Çin xalqının zəngin tarixi, dünyagörüşü və əldə etdiyi nailiyyətləri canlı şəkildə əks etdirir:
“Bu ziyarət Çinin inkişaf yolu və milli dirçəliş prosesi barədə dəyərli məlumatlar verdi. Gözəl tur üçün təşəkkür edirəm!” – deyə C.Bayramov paylaşımında vurğulayıb.









