
Ermənistan paytaxtı İrəvanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa öz işinə başlayıb. Bu barədə Ermənistan mediası məlumat yayıb.
Fevralın 13–14 tarixlərində keçiriləcək dəyirmi masada iki ölkənin ictimai fəalları və qeyri‑hökumət təşkilatlarının təmsilçiləri müzakirələr aparacaq. Görüşün əsas məqsədi qarşılıqlı dialoq və anlaşmanın gücləndirilməsi, həmçinin 2025‑ci il 8 avqustda Vaşinqtonda təsdiqlənmiş sülh gündəliyi çərçivəsində irəliləyişlərin müzakirəsidir.
Müzakirələrdə formalaşmaqda olan regional təhlükəsizlik arxitekturası, sülhün yaratdığı imkanlar, iki cəmiyyət arasında münasibətlərin inkişafına ictimai baxış, iqtisadi əməkdaşlıq perspektivləri və vətəndaş cəmiyyətinin qarşılıqlı anlaşma ilə etimadın möhkəmləndirilməsində rolu ilə bağlı məsələlər yer alacaq.
Tədbirdə həm “Sülh Körpüsü” təşəbbüsünün əsas iştirakçıları, həm də hər iki tərəfdən geniş nümayəndə qrupları iştirak edir. Azərbaycan nümayəndə heyəti delimitasiya və demarkasiya olunmuş sərhəd hissələrindən keçərək Ermənistan ərazisinə daxil olub.
Qeyd edək ki, ötən il 22 oktyabrda İrəvanda və 21 noyabrda Bakıda da vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə oxşar ikitərəfli dialoq formatında görüşlər keçirilib.





