
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.
Zelenski paylaşımında dövlət başçısına təşəkkür edərək enerji sahəsində mövcud vəziyyət və Rusiyanın Ukraynanın enerji infrastrukturu obyektlərinə endirdiyi zərbələrin nəticələri barədə məlumat verdiyini bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm. Ona enerji sistemindəki ümumi vəziyyət və Rusiyanın enerji infrastrukturu obyektlərinə zərbələrinin nəticələri barədə məlumat verdim. Son enerji dəstəyi paketinə görə minnətdaram”, – deyə Zelenski qeyd edib.
Ukrayna lideri bildirib ki, görüş zamanı ikitərəfli münasibətlərin inkişafı və Azərbaycanın maraqlı olduğu enerji sektorunda layihələrin həyata keçirilməsi məsələləri də müzakirə olunub.
Bundan əlavə, tərəflər sülhə nail olmağa yönəlmiş danışıqlar prosesinə də diqqət yetiriblər.
“Ukrayna həmişə ləyaqətli sülhə nail olmağa kömək edə biləcək səyləri konstruktiv şəkildə dəstəkləyir. Müharibənin hələ də davam etməsinin yeganə səbəbi Rusiyanın ona son qoymaq istəməməsidir”, – Zelenski vurğulayıb.





