
Qanuntv.az xəbər verir ki, Milli Məclisin plenar iclasında qadın hərbi qulluqçular üçün müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) müddətinin 3 ildən 6 aya endirilməsini nəzərdə tutan qanun layihəsi ilk oxunuşda qəbul edilib.
Layihəyə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunan qadın hərbçilərin xidmətə uyğunlaşma prosesi daha səmərəli təşkili və praktiki çətinliklərin aradan qaldırılması hədəflənir. Hazırda qüvvədə olan qanuna görə, qadınlar və ehtiyatdan daxil olan şəxslər üçün MAXE müddəti 3 il müəyyən edilib.
Praktikada kişi hərbçilər müddətli həqiqi hərbi xidmət keçdikləri üçün hərbi xidmətə uyğunlaşma mərhələsini artıq tamamlamış olurlar. Qadınlar isə birbaşa MAXE-yə qəbul edildiklərindən ilkin mərhələdə hərbi xidmət şəraitinə adaptasiya çətinliyi yaşayırlar. Bu səbəbdən, 3 illik ilkin bağlaşmanın birbaşa tətbiqi qadınların uzunmüddətli öhdəlik götürməsinə səbəb olur və sonradan ailə və digər səbəblərlə vaxtından əvvəl ehtiyata buraxılmalarına gətirib çıxarır ki, bu da kadr sabitliyinə mənfi təsir göstərir.
Qanun layihəsindəki dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə adaptasiyasını asanlaşdıracaq, kadr axınını azaldacaq və xidmətin təşkili səmərəliliyini artıracaq.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.




