
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, kilsələrdə keçirilən dini mərasimlər zamanı “Arsax”ın xatırlanması Azərbaycanla sülh prosesinə mane ola bilər və bu, faktiki olaraq müharibəyə çağırış kimi qiymətləndirilir.
O, bu fikirləri jurnalistlər üçün keçirdiyi brifinqdə səsləndirib.
Paşinyan qeyd edib ki, Azərbaycanla müharibə artıq başa çatıb və buna görə də “Qarabağ hərəkatı” artıq mövcud deyil. Onun sözlərinə görə, Qarabağın yenidən Ermənistanın tam nəzarətinə qaytarılması ideyasını müdafiə edən bu hərəkatın gündəmdə saxlanılması regionda sabitliyə xidmət etmir.
Baş nazir vurğulayıb ki, müxtəlif tribunalardan “Arsax Respublikası”nın xatırlanması yeni münaqişə riskini artırır.
“Yaxşı, gəlin hamımız Arsax Respublikasına istinad etməyə başlayaq. Bu nə deməkdir? Bu, münaqişə deməkdir. Belə hər ifadə müharibəyə çağırışdır: bu gün, sabah, birisi gün nə vaxt olacağını bilmirəm, amma bu, müharibəyə çağırış deməkdir”, – deyə Paşinyan bildirib.





