
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı məktubunda Qazaxıstanda yeni Konstitusiya üzrə referendumun uğurla başa çatması münasibətilə Prezident Tokayevi və qardaş Qazaxıstan xalqını səmimi-qəlbdən təbrik edib.
Məktubda qeyd olunub ki, referendumun nəticəsi – yeni Konstitusiyanın qəbulu xalqın birliyinin və milli iradəsinin bariz ifadəsi olmaqla yanaşı, ölkə rəhbərliyinə olan böyük inamın göstəricisidir. Bildirilib ki, siyasi sistemin modernləşdirilməsini və idarəetmə modelinin təkmilləşdirilməsini nəzərdə tutan bu mühüm addım Qazaxıstanın tarixində yeni mərhələnin başlanğıcını qoyacaq və ölkənin hərtərəfli inkişafına töhfə verəcək.
Prezident İlham Əliyev vurğulayıb ki, ortaq tarixə və mənəvi dəyərlərə əsaslanan Azərbaycan–Qazaxıstan münasibətləri, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.
Dövlət başçısı məktubun sonunda Kasım-Jomart Tokayevə ali dövlət fəaliyyətində yeni uğurlar, qardaş Qazaxıstan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.





