
Azərbaycan Prezidenti İlham Əliyev xalqımızı Novruz bayramı münasibətilə təbrik edib.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı təbrikində Azərbaycan xalqına cansağlığı, səadət və uğurlar arzulayıb. Prezident qeyd edib ki, Novruz bayramı xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini və zəngin mədəniyyətini özündə əks etdirən müqəddəs irsdir.
Təbrikdə vurğulanır ki, əsrlər boyu yaşadılan Novruz ənənələri xalqımızın nikbin dünyagörüşünü, təbiətə bağlılığını və yüksək mənəvi keyfiyyətlərini əks etdirir. Bu bayram həm də milli kimliyimizin formalaşmasında mühüm rol oynayıb.
Prezident bildirib ki, Azərbaycan xalqı Novruz adət-ənənələrini qoruyaraq bu günə qədər yaşatmaqla öz tarixinə və mədəni irsinə sadiqliyini nümayiş etdirib. Bu zəngin irs bu gün də ölkəmizin hər yerində böyük coşqu ilə qeyd olunur.
Dövlət başçısı əmin olduğunu ifadə edib ki, baharın yeniləşdirici ruhu xalqımızın gələcəyə olan inamını daha da gücləndirəcək, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində görülən işlərə yeni ruh qatacaq.
Sonda Prezident hər kəsə xoş bahar əhval-ruhiyyəsi, evlərə firavanlıq və ruzi-bərəkət arzulayıb.
Bayramınız mübarək!





