
2026-cı ilin hazırlıq planına uyğun olaraq Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) “N” saylı hərbi hissəsində inspeksiya yoxlaması həyata keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yoxlamanın başlanması münasibətilə hərbi hissənin Döyüş bayrağı sıra meydanına gətirilib. Tədbir çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İnspeksiya yoxlamasının növbəti mərhələlərində hərbi hissədə qərargah fəaliyyəti, döyüş hazırlığı səviyyəsi və maddi-texniki təminatın vəziyyəti ətraflı şəkildə qiymətləndirilib. Eyni zamanda, xüsusi təyinatlı taborlar həyəcan siqnalı ilə qaldırılaraq, qarşıya qoyulan döyüş tapşırıqlarına uyğun olaraq ərazidə taktiki fəaliyyətlər icra ediblər. Bu zaman şəxsi heyətin səhra şəraitində vərdişləri və operativ hazırlıq səviyyəsi yoxlanılıb.
Yoxlamanın yekununda döyüş hazırlığının daha səmərəli təşkili, hərbi qulluqçuların peşəkarlığının artırılması və xidmətin müasir tələblərə uyğun qurulması istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.







